Site Loader

Ukraynanın Poltava şəhərində Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb.

Poltava Vilayəti Azərbaycanlıları Radasının ictimaiyyətə təqdim olunması mərasimində şəhər və vilayət rəsmiləri, deputatlar, icma fəalları, diplomatlar, yerli KİV nümayəndələri iştirak ediblər.
Ukrayna və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün yeni istiqamətlər müəyyənləşdirilib. Azərbaycan icması lobbiçilik prinsiplərinə əsaslanaraq təşkilatlanır. Poltavada belə bir təşkilatın yaradılması da bu istiqamətdə atılan ilk addımlardan biridir.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin çıxışında qeyd edib ki, Azərbaycan icmalarının lobbiçilik fəaliyyətini gücləndirmək üçün hər regionda təşkilatlanma getməlidir. “Azərbaycanlı gənclər yerli dövlət strukturlarına inteqrasiya olunmalı, deputat seçilməlidirlər. Yeni konsepsiyaya görə, artıq diasporumuz gələcək fəaliyyətini lobbiçilik prinsipləri əsasında quracaq. Əvvəl başlıca məqsəd torpaqlarımızın işğalı, ərazi bütövlüyümüzün pozulması ilə bağlı həqiqətləri dünyaya çatdırmaq idisə, bundan sonrakı hədəf Azərbaycanın sülh və inkişaf ideyalarını təbliğ etmək, yerli idarəetmə orqanlarında mümkün qədər çox təmsil olunmaq, peşəkar gəncləri ictimaiyyətə tanıtmaq, yaradıcı və innovativ fikirlərə dəstək olmaqdır”, – deyə Oleq Krapivin əlavə edib.

Təşkilatlanmış Azərbaycan icmasına uğurlar arzulayan Poltava şəhər meri Aleksandr Mamay vilayətdə yaşayan azərbaycanlının birlik nümayiş etdirməsini müsbət qiymətləndirərək deyib: “Əvvəla, mer seçkilərində mənə dəstək olan azərbaycanlılara təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür təşkilatlanma qonşu vilayətlərdə yaşayan həmvətənlərimiz üçün də faydalı olacaq. Şəhərimizdə Azərbaycan Radasının açılışı ilə yeni istiqamətlər üzrə işlərə start veririk. Gələn həftə Poltava administrasiyası Rada ilə əməkdaşlıq haqqında memoranduma imza atacaq. Növbəti ildən birgə layihələr icra edəcəyik”, – deyə mer əlavə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev də çıxışında regionlarda Azərbaycan icmasının təşkilatlanmasını vacib şərtlərdən biri hesab edib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və qayğısı nəticəsində dünyada, o cümlədən Ukraynada da diaspor quruculuğu güclənməkdədir. Biz diaspor təşkilatlarının fəaliyyətinin gücünə 44 günlük Vətən müharibəsində də şahidi olduq. Ancaq bu istiqamətdə yeni çağırışlara cavab vermək üçün daha da inkişaf edib güclənməliyik”.

Daha sonra çıxış edən Kremençuk Şəhər Şurasının deputatı Aleksandr Pleckaç, Poltava şəhər və vilayət şuralarının deputatları İqor Kislov, Oleq Perepelitsa, çeçen, Dağıstan, ərəb icmalarının rəhbərləri müsəlman icmalarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıblar.

Poltava Vilayəti Azərbaycanlıları Radasının sədri Füzuli Qənbərov sonda təşkilatın məramı, perspektivləri barədə ətraflı məlumat verib.

Görüşün sonunda UAR həmtəsisçisi Oleq Krapivin Poltava şəhər merini Aleksandr Mamayı fəxri diplomla təltif edib.
Mer isə öz növbısində Ukraynanın Azərbaycandakı səfiri Elmira Axundovanı, UAR həmtəsisçisi Oleq Krapivini, UAR baş katibi Ceyhun Məmmədovu, Poltava vilayəti azərbaycanlılatı radasının sədri Fizuli Qəmbərovu fəxri fərmanlarla təbrik edib.

https://azertag.az/xeber/Ukraynanin_Poltava_seherinde_Azerbaycanin_yeni_diaspor_teskilati_yaradilib-1934722