Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bəyanat yaydı- MƏTN
Son günlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna (UABD) qarşı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin özündə qərəzli fikirləri əks etdirən bəyanatı bizi çox narahat edir. Belə ki, idarə heyətinin üzvləri olduğumuz təşkilatın rəsmi olaraq heç bir aidiyyatı olmadığı hadisəylə bağlı bəzi şəxslərin əsassız iddialarının qeyd olunduğu bəyanatda Ukraynadan geri çağırılmış Azərbaycan səfirinin şəxsinə qarşı qeyri-etik hərəkətlərin həyata keçirildiyi bayram tədbirinin UABD tərəfindən təşkil olunması fikrini qəti surətdə rədd edirik. Bəyan edirik ki, bu tip dezinformasiya xarakterli bəyanatlar Ukraynadakı diaspor təşkilatlarının birliyinə zərbə vurmaq məqsədini güdür. Fikrimizcə, Ukraynada son illərdə diasporun Ukrayna Azərbaycanlıları Radasında (UAR) birləşərək birgə fəaliyyəti hansısa üzdəniraq qüvvələri narahat etdiyindən bu cür xəbərlərin yayılmasında onların rolunun olması göz qarşısındadır. Çünki son bir ildə bir çox uğurlu layihələrə imza atmış UAR-ın parçalanması üçün dəfələrlə süni şəkildə yaradılmış səhnələrin şahidi olmuşuq.