Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Universiteti ilə Ukraynanın Xarkov Milli Radio Elektronika Universiteti arasında anlaşma memorandumu imzalanıb. Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, sənəd ali təhsil müəssisələri arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxşaxəli əməkdaşlığa zəmin yaradır.
Memorandumda birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə laboratoriya və tədris mərkəzinin qurulması, Azərbaycan Universiteti tələbələrinin Xarkov Milli Radio Elektronika Universitetində təhsil almaları və başqa bu kimi məsələlər öz əksini tapıb.
İmzalanma mərasimində Xarkov Milli Radio Elektronika Universitetinin rektoru, professor Valeri Semenes, beynəlxalq əlaqələr üzrə prorektor Murad Omarov, Kompüter mühəndisliyi fakültəsinin dekanı Aleksey Lyasenko, Sistemotexnika kafedrasının müdiri İqor Qrebennik iştirak ediblər. Azərbaycan Universitetini mərasimdə İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib.
Tədbirdə qeyd edilib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, bakalavriat və magistratura pillələrində ikili diplom proqramlarının həyata keçirilməsi hər iki universitetin strateji hədəfləri sırasındadır. Universitetlərin profili, eləcə də fəaliyyət istiqamətləri tərəflər arasında əməkdaşlığın səmərəli olmasına imkan yaradır.