Site Loader

Ukraynadakı 40-dan çox diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

200-ə yaxın diaspor rəhbəri və fəalının imzaladığı müracətdə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən diasporumuzun göstərdiyi əzm, iradə, sarsılmaz birlik və həmrəylik alqışlanıb.

Qeyd olunub ki, 44 günlük müqəddəs savaşda xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, həmçinin Azərbaycandan köçmüş digər xalqların nümayəndələri Ali Baş Komandanın yanında oldu. Ukrayna dövlətinin də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədiyini vurğulayan müracət müəllifləri bildirib ki, yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər diasporumuzun səmərəli fəaliyyəti üçün zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini hər zaman yüksək qiymətləndirir, ölkəmizin təbliği işində yaxından iştirak edirlər.

Müraciətdə Qarabağ zəfəri ilə xaricdəki soydaşlarımıza yaşatdığı qürur hissinə görə Ali Baş Komandana minnətdarlığını bildirən Ukrayna Azərbaycanlıları Radası dünya azərbaycanlılarını Azərbaycan dövlətinin və onun liderinin ətrafında birləşməyə, ölkənin çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırıb.

Müraciət Ukrayna Azərbaycanlıları Radasının II Qurultayında qəbul olunub.

Ukrayna Azərbaycanlıları Radasının

II Qurultayının iştirakçılarının

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT

Hörmətli möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Ukraynadakı 40-dan çox Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının Hesabat-Seçki Qurultayının iştirakçıları Zati-alilərinizi salamlamaqdan şərəf duyur, uzaqgörən siyasətiniz və Azərbaycan naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Otuz ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları 2020-ci ildə Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edildi. Etnik, dini, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız Sizin Ali Baş Komandan kimi sentyabrın 27-də Azərbaycan xalqına ünvanladığınız tarixi müraciətə qoşuldu, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda müqəddəs mübarizəyə qalxdı, “Dəmir yumruq” kimi birləşərək əzm, iradə, sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi.

Bu müharibədə Silahlı Qüvvələrimiz üç minədək şəhid verdi. Onların arasında Azərbaycanda yaşayan, Azərbaycanı özünə Vətən bilən müxtəlif xalqların nümayəndələri də vardı. Son otuz il ərzində düşmən və onun havadarları Azərbaycanda etnik və dini zəmində dəfələrlə qarşıdurmalar yaratmağa cəhd göstərsələr də, məhz bütün azərbaycanlıların – ölkəmizdə yaşayan bütün xalqların birliyi və həmrəyliyi sayəsində onlar öz çirkin məqsədlərinə nail ola bilmədilər.

44 günlük müqəddəs savaş müddətində xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın haqlı davasında dövlətimizin və Sizin yanınızda oldu. Təkcə milliyyətcə azərbaycanlılar deyil, vaxtilə Azərbaycanda yaşamış digər xalqların nümayəndələri də Azərbaycan xalqının və onun dünya səviyyəsində tanınmış Liderinin çağırışına səs verərək, yaşadıqları ölkələrdə Azərbaycan və Qarabağ həqiqətlərinin təbliği üçün yumruq kimi birləşdi. Bu baxımdan Azərbaycan Respublikasının strateji müttəfiqi olan Ukrayna da istisna deyildi. Ukrayna dövləti Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.

Yüksələn xətlə inkişaf edən dövlətarası münasibətlər Ukraynada yaşayan azərbaycanlılar, eləcə də diaspor təşkilatlarının səmərəli fəalliyyəti, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, sürətli inteqrasiyası üçün də zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini yüksək qiymətləndirir, tədbirlərimizdə yaxından iştirak edirlər.

Möhtərəm cənab Prezident!

Biz fəxr edirik ki, Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə son qoymaqla BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün Azərbaycan diasporu tərəfindən qürur hissi ilə qarşılanır. Bizə Zəfər bəxş etdiyinizə, dövlətimizin layiqli başçısı, Ali Baş Komandanı kimi hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Ukrayna Azərbaycanlıları Radası olaraq bütün dünya azərbaycanlılarını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməyə, dövlətin Azərbaycanın çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırırıq.

Ukrayna azərbaycanlıları daim Sizin yanınızdadır! Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

https://president.az/az/articles/view/55460?fbclid=IwAR1fg9KXSs4yFNkwhgRFQBmP0A5RCAXAzw9HRdINCrkukYAIEz5Fhj2BDAE