Site Loader

Ukraynanın Kiyev şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.

“Report” xəbər verir ki, əvvəlcə Ukrayna Azərbaycanlıları Radasının (UAR) rəhbərliyi və üzvləri ulu öndərin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev çıxışında ümummilli lider Heydər Əliyevin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, dövlətlərarası münasibətlərin bugünkü səviyyəsi illər öncə atılmış düşünülmüş siyasətin nəticəsidir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynadakı Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu bildirib. O deyib ki, hələ illər öncə ümummilli liderin Ukraynaya səfərləri və bu səfərlər çərçivəsində burada yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub: “Sağlam təməllər üzərində qurulan bu hərəkat ümummilli liderdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir. Bu siyasətin əsası qoyulduğu kimi də inkişaf etdirilir. Heydər Əliyev böyük siyasətçi idi və hər zaman yaddaşlarda elə də qalacaq”.

Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə Heydər Əliyevin əziz xatirəsinin təkcə Azərbaycanda deyil, Ukraynada da xatırlandığını və uca tutulduğunu vurğulayıb: “Heydər Əliyevin Ukrayna ilə qurduğu münasibətlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun nəticəsidir ki, bu gün hər iki dövlət öz möhkəm dostluq əlaqələrini davam etdirməkdə maraqlıdır”.

Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədə yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb: “Heydər Əliyev hər zaman gələcək nəsillərə dəyər verib. Onun gənclərə göstərdiyi diqqət və qayğı misilsiz olub. Bu baxımdan, gənclər Heydər Əliyevin siyasi xəttinə böyük önəm verir və daim dəstəkləyirlər”.