Fevralın 12-də Ukrayna Azərbaycanlıları Radasının (UAR) hesabat-seçki qurultayı keçiriləcək.
UAR həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri Oleq Krapivin qurultay ərəfəsində təşklilatın fəaliyyəti və gözlənilən yeniliklərlə bağlı Day.Az-a açıqlama verib.
Diaspor təşkilatının rəhbəri deyib ki, quruma üzv olmaq istəyən yeni təşkilatlarla memorandum imzalanacaq: “Bilirsiniz ki, UAR-ın təsis olunmasında əsas məqsəd ayrı-ayrı fəaliyyət göstərən kiçik təşkilatları bir qurumda birləşdirərək, onların fəaliyyətini gücləndirmək idi. Sevindirici haldır ki, bu birliyimizin nəticəsində pandemiya vaxtı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı Vətən müharibəsi dövründə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirdik. Pandemiya dönəmində UAR-ın ofisi çətin vəziyyətə düşmüş azərbaycanlılar üçün sığınacaq oldu, onlar ofisdə gecələdi, yeməklə təmin olundu, zəruri ehtiyacları ödənildi. Vətən mühribəsində isə buradakı bütün azərbaycanlılar, UAR-da təmsil olunan təşkilatlar sıx birləşərək dövlətimizə öz dəstəyini göstərdi. Orduya, YAŞAT Fonduna, YAŞAT Marafonuna xeyli vəsait köçürdülər və xaricdən göstərilən yardımların həcminə görə Ukraynadakı diasporumuz ilk beşlikdə qərarlaşdı”.
Oleq Krapivin ötən 3 il ərzində təşkilartın daha gücləndiyini vurğulayaraq, Poltava vilayətində, Kremençuq və Krivoy Roq şəhərlərində fəaliyyət göstərən təşkilatların də Radada təmsil olunduğunu, yaxın vaxtlarda sıralarının daha genişlənəcyinə əminliyini ifadə edib: “Fevralın 12-də Kiyevdə UAR-ın hesabat-seçki qurultayı olacaq, qurumun tərkibində, strukturunda, nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Burada həmçinin bir sıra təşkilatların üzvlüklə bağlı müraciətlərinə baxılacaq, onlarla qarşılıqlı müqavilələr bağlanacaq və sayımız artacaq. O ki qaldı, təşkilatdakı fikir ayrılıqlarına, belə narazılıqlar hər zaman, hər yerdə olub və olacaq. Sadəcə, emosiyalara qapılmadan danışıqlar yolu ilə ortaq məxrəcə gəlmək lazımdır. Mən əldə olunan birliyimizin güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Çünki buradakı Azərbaycan diasporunun son dövrlərdəki fəaliyyətini yerli ictimaiyyət, digər xalqların diasporu da çox yüksək qiymətləndirir. Öz aramızda olan xırda narazılıqlarla qazandığımız uğurları, yaratdığımız bu imici yox edə bilmərik. Azərbaycanlıların birliyi mənim üçün çox vacibdir, istərdim ki, hər bir azərbaycanlı yaşadığı ölkədə millətinin adını qürurla daşısın və Vətənini tanıtsın”.
Ukraynadakı azərbaycanlı gənclərlə bağlı layihələrdən söz açan Oleq Krapivin soydaşlarımızın uğurlarından da bəhs edib: “Bizim Kiyevdə fəaliyyət göstərən idman məktəbinin yetirmələri bir sıra beynəlxalq idman yarışlarında Ukraynaya medallar qazandırır. Bu yaxınlarda Tokio Olimpiadasında Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibov güləş üzrə gümüş medal alıb. İki gün öncə isə Pərviz digər beynəlxalq yarışın qalib olub. Mart ayında daha iki idmançımız yunan-roma güləşi üzrə Avropa çempionatına hazırlaşır. Bir neçə ilə məktəbmizdəki yeniyetmə idmançılarımızın da bəhrəsini görə biləcəyik. Bundan başqa, biz UAR olaraq mərkəzi ofisimizdə azərbaycanlı uşaqlar üçün Ana dili məktəbi yaratmışıq ki, gənc nəsil öz dilini, mədəniyyətini, tarixini unutmasın. Gənclərlə bağlı bir çox planlarımız var ki, qarşıdakı Qurultayda müzakirəyə çıxarıb qərarlar qəbul edəcəyik”.